Qadın sağlamlığı
CA-125 yüksək çıxıb — bu xərçəng deməkdirmi?
Qısa cavab
Xeyr, CA-125-in yüksək olması özlüyündə xərçəng demək deyil. Dr. Vüsalə Rüstəmovanın izahına görə, bu göstərici aybaşı dövründə, hamiləlikdə, kiçik çanağın iltihabi xəstəliklərində, uşaqlıq miomasında, böyrək və qaraciyər xəstəliklərində və yaxın vaxtlarda keçirilmiş əməliyyatlardan sonra da yüksələ bilər. Nəticə həmişə klinik mənzərə və ultrasəslə birlikdə qiymətləndirilir.
CA-125 nədir?
Qanda müəyyən edilən zülal göstəricisidir. Yumurtalıq xərçənginin bəzi formalarında yüksəlir, lakin bir çox xoşxassəli vəziyyətdə də artır. Buna görə əlamətsiz qadınlarda xərçəng skrininqi testi kimi istifadə olunmur.
Hansı hallarda yüksələ bilər?
- Menstruasiya dövrü
- Hamiləlik
- Kiçik çanağın iltihabi xəstəlikləri
- Uşaqlıq mioması
- Endometrioz və endometrioid kista
- Böyrək və qaraciyər xəstəlikləri
- Yaxın vaxtlarda keçirilmiş cərrahi əməliyyatlar
Nəticə necə qiymətləndirilir?
Tək bir analiz əsasında qərar verilmir. Həkim şikayətləri, yaşı, menopauza statusunu, ultrasəsdə yumurtalıqların görünüşünü və lazım olduqda təkrar analizi birlikdə qiymətləndirir. Analizi aybaşı günlərində verməmək daha doğrudur.
Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir.
